Mən veqanam. Və bu söz, hal-hazırda, mənim bütün varlığımı təsvir edir. Hətta dostlarım məni yeni insanlarla tanış edəndə məni Veqan Vus kimi təqdim edirlər :D Amma heç də həyatı boyu bu cür yaşamamışam...
məhlə (həyət) evində yaşadığım üçün, saysız-hesabsız heyvan saxlamışam (toyuq, göyərçin, kirpi, tısbağa, dovşan, hinduşka, qoyun, eşşək, it, pişik və s.)
bu da o deməkdir ki, hər qurbanlıq ət məhləmizdə kəsilirdi qəssab tərəfindən (və həmin heyvan adətən bir neçə həftə əvvəldən alınıb məhləmizdə bəslənirdi)
Heyvanları “sevirdim”. Niyə dırnaqarası? Çünki, məsələn, ananı sevirsənsə, sən onun qətlinə və yeyilməsinə qarşı çıxarsan. Mən bunu indi başa düşürəm. Cavan cağlarımda sadəcə özüm üçün sevirdim heyvanları və ətrafda hamı ət yediyi üçün, ətsiz həyat təsəvvür etmək ağlımın ucundan belə keçmirdi...Amma, hardasa 4-5-ci sinflərdə mənə çatdı ki, xəz - qətldir. Niyə dəri qətl deyil? Çünki dəri üçün heyvanı öldürüb, onun ətindən bozartma bişirib bəh-bəhlə yeyirik. Amma xəz üçün öldürülən heyvanların (tülkü, su samuru, şinşilla və s.) ətini insanlar yemir axı! Mənim 10-11 yaşlı beyinim sadəcə bu fikrə deduksiya nəticəsində gəlib çıxdı. Onsuz da, uşaq olduğuma görə, heç bir xəz əşyam yox idi - və özümə söz verdim ki, həyatımda xəz almayacam.
Sonra Bakıya universitetə gəldim və yeməyimi özüm bişirəsi oldum. Ətlə işləmək çox iyrənc gəlirdi mənə, ona görə evdə heç ət bişirmirdim. Ancaq kafelərdə yeyirdim. Evimdə plastik paketlərlə doldurulmuş plastik paket yer aldı...Ətraf mühitə biganə həyat sürürdüm (ola bilər, sadəcə piyada gəzməklə necəsə kömək edirdim planetimizə).
Sonra magistratura İsveçrədə...Və bu, mənim həyatımın ən vacib 1 ili oldu. Orada mən, 10 il bundan əvvəl, zibilimi ayırmağa başladım (çünki həftənin müəyyən günləri maşınlar gəlib binaların önündən toplayırdı fərqli zibilləri: şüşə, kağız, plastik, alüminium). Hətta köhnə mebel və paltarlar üçün də xüsusi qutular var idi şəhərdə. Və mənim 1 yaxın dostum, müdirim, zamanında peskatarian (canlılardan sadəcə balıq yeyən) mənə öz həyat tərzi və seçiminin səbəbləri barəsində danışanda məndə çox böyük maraq oyatdı. Mən başa düşdüm ki, heyvanları həqiqətən sevirəmsə, onlara bu qədər zülm verməli deyil mənim həyatım. Amma, dana bastırmasız və yarpaq dolmasız həyatı təsəvvür edə bilmirdim.
Magistraturadan qayıdan kimi 1 xarici şirkətinə işə düzəldim - və düz bu ilə qədər orada işlədim. Çünki bəxtim gətirmişdi - mənim komandam inanılmaz dərəcədə ağıllı, ürəyi açıq, mehriban, gülməli, düşüncəli, şüurlu və dəstəkləyən insanlardan ibarət idi. Kolleqalarımla müzakirələr məni vegetarian olmaq fikrinə daha da yaxınlaşdırdı, çünki, onların suallarına arqumentlər axtara-axtara özüm həqiqəti tapdım; amma, 1 sual həmişə məni narahat edirdi - BƏLKƏ ƏT YEMƏK ARTIQ BİZİM QANIMIZDADIR və ətsiz doğrudanda mən ölərəm, qohum və tanışlarımın dediyi kimi?
Sonra ilk uşaq...Hamiləliyim asan keçmədi, bir neçə problem var idi. Ayaqlarımın şiddətli şişmələri problemlərdən biri idi. Doguşdan sonra yenə də fil ayaqlarla gəzirdim ağrı çəkərək, xəstəxanada mənə “zülalsız şişmə” (səhv, əlbəttə ki) diaqnozu qoydular...Həmin vaxt ət yeyirdim, və dedilər ki, bütün günü ət yeməlisən sən... 1 aydan sonra ətdən artıq ürəyim bulanırdı. Bezdim. Və düşündüm ki, budur - tam zamanı - indi sınamasam, bəlkə də heç vaxt bunu edə bilməyəcəm...
1 sentyabr 2014-də vegetarian olmaq qərarına gəldim, amma dözə bilmədim - 31 avqustdan başladım :D Həmin andan ağzıma bir də ət dəymədi. Düzdü, arada səhvlər olurdu və mən 1 ilə yaxın öyrənirdim (jelatinli tort, parmezan pendirinin vegetarian olmaması, mərci şorbasının içində bulyon kubiki var imiş və s.). Uğurla ilk uşağımı ana südü ilə böyütdüm (1 il 4 ay), ideal 2-ci hamiləliyimi başa vurdum və 2ci uşağı da ana südü ilə bəslədim (1 il 8 ay). Bütün bunlar ailəmin, yaxınların, həkimlərin, yadların mənəvi təzyiqinə baxmayaraq (“ət yeməsən, südün kəsiləcək”, “balıq yeməsən, uşağın zehni inkişafı olmayacaq” və s.). Beləliklə, özümə sübut etmiş oldum ki, ətsiz yaşamaq olar, və həyat belə daha da gözəldir! Vegetarian olduqda bütün dəri məhsullarından da imtina etdim, çünki, artıq həmin dəri üçün kəsilmiş heyvanları yemirdim.
İnsanlar mənim qidalanma planlarımı soruşanda, deyirdim ki, çiy veqan olmaq istəyirəm ki, bütün qidaları təbiətin bizə bəxş etdiyi şəkildə qəbul edim, amma Azərbaycanda yox, çünki burada bu mümkün deyil. Hətta, sadəcə veqan olmaq da mümkün deyil, çünki süd məhsullarını əvəzləyən heç bir bitki məhsulu yoxdur ölkəmizdə.
Amma hər insanın həyatında belə 1 məqam gəlib çıxır ki, hər şeydən bezir, yerində addımlayırsan kimi gəlir həyat, irəliləyiş görünmür...Belə bir məqamların birində özümü sınağa çəkmək istədim - 1 ay Azərbaycanda veqan həyatı sürmək - görəsən bacararam?! Bir eksperiment kimi qəbul etdim bunu, heç bir öhdəlik almadan: bacararam - əla!, bacarmaram - neynəyək, demək ki düzgün düşünürdüm - bizdə mümkün deyil...
15.08.2017 həmin gün idi. 3 il ətsiz həyatdan sonra tamamilə yeni bir səhifə açırdım. 1 ay keçdi...35 gün...40 gün...44 gün! Dayanmaq istəmirdim, çünki, həyatımda ilk dəfə idi özümü bu qədər gumrah, enerjili və sağlam hiss edirdim! Amma, qripin payız epidemiyası başlamışdı, və ofisdə hamı xəstə idi. Mən də xəstələndim. Və dəhşətli dərəcədə ballı süd içmək istədim. Və içdim...Çünki, bu bir adət idi - uşaqlıqdan boğaz ağrıyan kimi, anam ballı süd verərdi. Amma özümü çox qınamırdım, çünki mən bunu bacardım! Həyatımda mümkün olmayan hesab etdiyimi reallığa çevirdim!
Özümlə çox razı idim, amma sağlamlığım yenə də pisləşməyə doğru getdi. Və mən qərara gəldim - sınaq müsbət nəticə ilə bitdisə, demək bu mümkündür. Və əgər sən həyatı boyu istədiyin bir şey mümkündürsə, sən bunu etməlisən!!! 1 ay vegetarianlığa qayıdandan sonra özümə simvolik bir tarix seçdim - Dünya Veqanlar Günü - 1 noyabr 2017. Vəssalam. Əlvidə səhərlər 2 yumurta, əlvidə qoyun pendiri ilə qara çörək, əlvida xaçapuri, əlvida pizza, əlvida tortlar, bulkalar, kruassanlar...Xoş gəldin, yeni, mənalı, faydalı, ləzzətli, enerji dolu, rahatlandırıcı həyat! Bunu başa salmaq mümkün deyil, bunu sadəcə öz üzərində sınayıb anlamaq olar! Və artıq veqan olandan sonra, həyatımdan ipəyi, yunu, qaz tükünü çıxarıb, daha çox fayda gətirmək qərarına gəldim evimizə...
Ümid edirəm, çox hövsələnizi daraltmadım. Əgər sona qədər oxudunuzsa, istəyirəm buradan özünüz üçün 3 məqam çıxardasınız:
Həyatda nəyisə istəyirsənsə, mütləq onu sına - sən heçnə itirmirsən, amma qazanacağın çox ola bilər.
Heçnə mükəmməl olmalı deyil. Biz hamımız hər gün nəsə öyrənirik. Kiçik addımlarla başla. 1 dəfə yolundan dönəndə, çalış yenidən düzgün bildiyin yola qayıdasan, “məndə heçnə alınmadı” və ya “mən? tək? kontrabasda?” deyib işin daşını atma.
Hələ gec deyil dünyanı xilas etməyə. Mən əlimdən gələni edirəm. Gecə saat 2-də də olsa, vaxt tapıb yazıram, sizlərə nəyisə çatdırmaq üçün. Amma mən hər şeyi sizə çatdıra bilmərəm. Oxuyun, videoları izləyin, sənədli filmlərə baxın, öndə gedən ölkələrin prioritetləri ilə maraqlanın. Yer kürəsi bizim yeganə evimizdir, deyirsiz, biz o qədər kütbeyinik ki, onu məhv edək?