03/04/2026
Yaz yorğunluğu, yoxsa depressiya?
“Həkim məsləhəti” rubrikasında Salyan Rayon Mərkəzi Xəstəxananın həkim-uşaq psixiatrı Aynurə Xaspoladova danışır:
“Yaz fəslinin gəlişi adətən enerji artımı, əhval-ruhiyyənin yaxşılaşması və aktivliyin yüksəlməsi ilə əlaqələndirilir. Lakin bəzi uşaqlarda və yeniyetmələrdə bunun tam əksi müşahidə olunur — yorğunluq, halsızlıq və motivasiyanın azalması ön plana keçir. Bu vəziyyət çox vaxt “yaz yorğunluğu” kimi qiymətləndirilsə də, bəzi hallarda daha ciddi psixoloji vəziyyətlərin — məsələn, mövsümi affektiv pozuntu və ya depressiyanın başlanğıcı ola bilər.
Yaz aylarında gün işığının müddəti artır, hormonal balans — xüsusilə melatonin və serotonin səviyyələri — yenidən tənzimlənir. Qışdan sonra vitamin ehtiyatlarının azalması və sinir sisteminin yeni şəraitə uyğunlaşma prosesi də bu vəziyyətə təsir edir. Yeniyetmələrdə isə bu proseslər hormonal dəyişikliklər, imtahan stresi və sosial münasibətlərdəki gərginliklə daha da dərinləşə bilər.”
Həkim bildirir ki: “Bu dövrdə uşaqlarda davamlı yorğunluq və halsızlıq, yuxululuq və ya yuxu pozuntuları, diqqətin zəifləməsi, dərs göstəricilərinin pisləşməsi, əsəbilik və ağlağanlıq, əvvəllər maraq göstərilən fəaliyyətlərə laqeydlik, iştah dəyişiklikləri, tez-tez baş ağrıları və ümumi zəiflik müşahidə olunur.
Valideynlər vəziyyəti düzgün qiymətləndirməli, uşaqları ilə açıq və səmimi ünsiyyət qurmalı, onların hisslərini diqqətlə dinləməli, problemlərini kiçiltməməli və tənqid əvəzinə dəstək göstərməlidirlər. Uşağa dəstək olmaq üçün gündəlik rejim tənzimlənməli, kifayət qədər yuxu təmin olunmalı, yatma və oyanma saatları sabit saxlanmalı, fiziki aktivlik artırılmalı, açıq havada vaxt keçirmək təşviq edilməli, günəş işığından maksimum faydalanmaq təmin olunmalıdır. Eyni zamanda elektron cihazların istifadəsi məhdudlaşdırılmalı, ekran qarşısında keçən vaxt azaldılmalıdır. ”
A.Xaspoladova qeyd edir ki: “Zülal baxımından zəngin qidalar, vitamin və minerallarla təmin olunmuş menyu — xüsusilə B qrupu vitaminləri, maqnezium və dəmir — orqanizmin bərpasına kömək edir. Vitamin dəstəyi isə yalnız həkim məsləhəti ilə verilməlidir.
Unutmaq olmaz ki, yaz yorğunluğu tənbəllik və ya “naz” deyil. Bu, uşağın orqanizmi və psixikasının adaptasiya dövründə verdiyi təbii reaksiyadır. Bu mərhələdə anlayış, diqqət və qayğı göstərmək uşağın psixi sağlamlığını qorumağın ən doğru yoludur.
Erkən diaqnostika və vaxtında müdaxilə isə daha ciddi problemlərin qarşısını almaqda həlledici rol oynayır.”