09/07/2025
Yeni Klinika / Yeni Robotik Reabilitasiya Mərkəzi “Storz Medical” tərəfindən Azərbaycanda rəsmi referans mərkəzi statusunu aldı
Yeni Klinikada fəaliyyət göstərən Yeni Robotik Reabilitasiya Mərkəzi dünya üzrə tibbi texnologiyalar sahəsində tanınmış İsveçrə şirkəti “Storz Medical” tərəfindən Azərbaycan Respublikasında rəsmi referans mərkəz olaraq sertifikatlaşdırılıb.
Belə ki, Yeni Robotik Reabilitasiya Mərkəzi referans mərkəz statusu çərçivəsində, “Modylıth Slx F-2”, “Neurolıth Duolıth” və “Magnetolıth” cihazlar üzrə peşəkar klinik qiymətləndirmə və tətbiq təcrübəsi təqdim edəcək.
Bu status həmçinin qlobal tibb ictimaiyyəti ilə əhəmiyyətli klinik nəticələrin paylaşılmasına, qabaqcıl tibbi texnologiyalar mövzusunda beynəlxalq konfrans və təlimlərin təşkilinə həmçinin reabilitasiya və şok dalğa terapiyasının inkişafına töhfə verəcək elmi araşdırmaların həyata keçirilməsinə şərait yaradır. Bununla yanaşı, müraciətlər əsasında digər ölkələrin mütəxəssislərinə təlimlərin keçirilməsi və onların beynəlxalq standartlara uyğun sertifikatla təmin olunması da mümkün olacaq.
Referans xəstəxana statusu çərçivəsində Yeni Klinikanın peşəkar heyəti “Storz Medıcal” avadanlıqlarının klinik qiymətləndirilməsi və tətbiqi sahəsində ekspert qismində çıxış edəcək ki, bu da Azərbaycanın reabilitasiya sahəsində beynəlxalq miqyasda tanınmasına və mövqeyinin güclənməsinə mühüm töhfə verəcək.
Qeyd edək ki, TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini, Somatika və Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Dr. Pərvin Əkbərov, dünya miqyasında sahəsi üzrə ekspert olaraq təyin edilib. Bu da mərkəzin reabilitasiya tibbində innovasiya və mükəmməlliyə sadiqliyi daha da gücləndir. Belə ki, Dr. Pərvin Əkbərovun rəhbərliyi ilə müraciət edən ölkələrin mütəxəssislərinə yüksək səviyyəli təlimlərin keçirilməsi və beynəlxalq səviyyədə tanınan sertifikatların təqdim edilməsi imkanı daha da genişlənəcək.
Məlumat üçün bildirək ki, 1987-ci ildə təsis olunan “Storz Medical” innovativ şok dalğa texnologiyası üzrə dünyanın aparıcı tibbi cihaz istehsalçılarından biridir. Şirkətin əsas məqsədi – elmi nailiyyətləri qabaqcıl texnologiyalarla birləşdirərək pasiyentlərin sağlamlığını və həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Hazırladığı cihazlar urologiya, ortopediya, nevrologiya, kardiologiya və dermatologiya sahələrində geniş tətbiq olunur.