
22/09/2023
📌Emosional intellektin əsas elementləri
Salovey həmkarı Con Mayerlə birlikdə emosional intelləkti beş əsas hissəyə ayırmışdır:
1. Öz hisslərini tanımaq - özünü dərk etmə (və ya özünü tanıma)
2. Emosiyaları idarə edə bilmək
3. Motivasiya – özünü həvəsləndirmək
4. Başqalarının hisslərini anlamaq – empatiya
5. Münasibətləri idarə etmək – sosial bacarıqlar
Öz hisslərini tanımaq
Özünüdərk (hər hansı bir hiss yaranarkən, onu tanıya bilmək) – emosional intellektin təməl daşıdır. Hissləri dərk etmək qabiliyyəti psixoloji həssaslıq və özünütanıma baxımından mühüm əhəmiyyət kəsb edir. Həqiqi hisslərimizin fərqinə varmamaq bizi onların ixtiyarına buraxır. Hisslərini tanıyan insan öz həyatını daha yaxşı idarə edir; kiminlə evlənəcəyindən tutmuş hansı işə girəcəyinə qədər şəxsi qərarların düzgünlüyündə daha çox əmindir.
Emosiyaları idarə edə bilmək
Hissləri lazımi şəkildə idarə etmək bacarığı özünüdərkə əsaslanır. Şiddətli həyəcan, məyusluq, əsəb və digər neqativ hissləri idarə etmək bacarığı uğurlu nəticələrə gətirib çıxarır. Bu qabiliyyətdən məhrum olan insanlar daim narahatlıq içində olur, ona sahib olanlar isə həyatın xoşagəlməz sürprizləri və uğursuzluqları ilə qarşılaşdıqda özlərini daha tez ələ ala bilirlər.
Özünü həvəsləndirmək
Müəyyən bir məqsədə nail olmaq üçün hiss və emosiyaların qaydaya salınması diqqəti cəmləmək, özünü həvəsləndirmək, özünü ələ almaq və yaradıcılıq üçün zəruridir. Emosional özünə nəzarət (həzzi təxirə salmaq və çılğın davranışları cilovlamaq) hər cür nailiyyətin əsasında dayanan xüsusiyyətdir. Özünü ruhlandırmaq və “axın”dan geri qalmamaq bütün fəaliyyət sahələrində nailiyyəti təmin edir.
Başqalarının hisslərini anlamaq
Emosional özünüdərkə əsaslanan daha bir qabiliyyət olan empatiya – insan münasibətlərində ən mühüm bacarıqdır. Empatik insanlar başqalarının nəyə ehtiyacı olduğunu, nə istədiyini göstərən incə sosial siqnallara qarşı daha həssasdır. Bu isə onların insanlara qayğı göstərməklə bağlı olan peşələrdə, məsələn, müəllimlik, satıcılıq və idarəçilikdə uğur qazanmasına yol açır.
Münasibətləri idarə etmək
Qaşılıqlı münasibət qurmaq qabiliyyəti, əsasən, başqalarının hisslərini idarə etmək məharətindən ibarətdir. Sosial qabiliyyətlər populyarlığı, liderliyi və şəxsiyyətlərarası ünsiyyətin effektivliyini artırır. Belə qabiliyyətlərə sahib olan insanlar başqaları ilə müsbət qarşılıqlı münasibət qurmağı tələb edən işlərdə uğur qazanır və parlaq bir sosial həyat yaşayırlar.
‼Şübhəsiz, insanlar bu sahələrin hər birində öz bacarıqlarına görə fərqlənirlər; məsələn, bəzilərimiz öz həyəcanını asanlıqla sakitləşdirə bilsə də, başqalarının kədərinə şərik olmağı bacarmır. Bacarıq səviyyəmizi, şübhəsiz ki, sinir sistemi müəyyənləşdirir, amma beyin qeyri-adi dərəcədə tez uyğunlaşan və daim öyrənən bir orqandır. Emosional qabiliyyətlərdəki çatışmazlıqları düzəltmək mümkündür. Bu sahələrdən hər biri, əsasən, vərdişlər və reaksiyalar toplusunu təmsil edir, əgər düzgün istiqamətdə səy göstərsək, onu yaxşılaşdıra bilərik.