30/12/2025
Ağa Məmmədov AKHA-nın ilin ən yaxşı könüllü həkimi fəxri fərmanı ilə təltif olundu.
Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) sədri Oktay Mehdiyevin rəhbərliyi ilə Ağa Məmmədov komandası ilə birgə Vətən müharibəsi dövründən etibarən, eləcə də torpaqlarımızın işğaldan azad edilməsindən sonra Dövlət Sərhəd Xidmətinin (DSX) bir sıra hərbi hissələrinə səfərlər edərək hərbi qulluqçulara tam təmənnasız tibbi xidmətlər göstərmişlər.
2020-ci ildən bu günə qədər davam edən əməkdaşlıq çərçivəsində müharibə başa çatdıqdan sonra AKHA tərəfindən DSX-nın Bartazda yerləşən hərbi hissəsində ilk tibb məntəqəsi yaradılmış və burada əsgərlərə stomatoloji xidmət göstərilmişdir.
Daha sonra Xanlıq ərazisində tibb məntəqəsində xidmətlər davam etdirilmiş, yeni hospital istifadəyə verildikdən sonra isə 2021-ci ildən etibarən DSX hərbi hissəsinin Qəzyanda yerləşən tibb məntəqəsində fasiləsiz tibbi xidmət təmin olunmaqdadır. Bundan əlavə, Cəbrayılda yerləşən hərbi hissədə də AKHA tərəfindən tibb məntəqəsi yaradılmış və burada uzun müddət hərbi qulluqçulara tibbi yardım göstərilmişdir.
Bu müddət ərzində 15 minə yaxın əsgərə stomatoloji xidmət göstərilmiş, həmçinin tibbi-profilaktik baxışlar, ilkin diaqnostik prosedurlar, stomatoloji müalicələr və müxtəlif xəstəliklərin erkən aşkarlanması üçün xüsusi müayinələr həyata keçirilmişdir.
Səfərlər zamanı həkimlər şəxsi heyətə sağlam həyat tərzi, stress və psixoloji gərginliklə mübarizə mövzularında maarifləndirici tövsiyələr də təqdim etmişlər.
Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının rəhbərliyi bildirib ki, həyata keçirilən bu təşəbbüslərin əsas məqsədi dövlətimizin sərhədlərinin keşiyində dayanan əsgərlərin sağlamlığının qorunmasına töhfə verməkdir. Qurum gələcəkdə də DSX ilə əməkdaşlığın davam etdiriləcəyini və bu kimi layihələrin daha geniş şəkildə həyata keçiriləcəyini vurğulamışdır.