02/04/2026
2 aprel — Ümumdünya Autizm Məlumatlandırma Günüdür 💙
Autizm erkən uşaqlıq dövründə ortaya çıxan və uşağın ünsiyyət, sosial əlaqələr və davranış xüsusiyyətlərinə təsir edən inkişaf fərqliliyidir. Əksər hallarda ilkin əlamətlər 18–24 ay arasında nəzərə çarpır. Uşaq göz təması qurmaqdan yayınır, adına cavab verməyə bilər, digər uşaqlarla ünsiyyət qurmaqda çətinlik çəkər. Nitq inkişafında gecikmə və ya qeyri-adi nitq formaları da müşahidə oluna bilər. Bundan əlavə, təkrarlanan hərəkətlər, rutinlərə həddindən artıq bağlılıq və dəyişikliklərə qarşı həssaslıq diqqət çəkir.
Belə əlamətlər müşahidə edilərsə, vaxt itirmədən mütəxəssisə müraciət etmək önəmlidir. Erkən diaqnostika və müdaxilə uşağın inkişaf potensialını artırmaqda mühüm rol oynayır.
Mütəxəssislərin fikrincə, autizm beyin inkişafının xüsusiyyətləri ilə bağlıdır. Onun yaranmasında genetik meyllər, hamiləlik və doğuş zamanı yaranan risklər, bəzi metabolik və nevroloji faktorlar rol oynaya bilər. Autizm spektr şəklində olduğu üçün hər uşaqda fərqli şəkildə özünü göstərir. Düzgün yanaşma və dəstək ilə uşaqların bacarıqlarını inkişaf etdirmək və həyat keyfiyyətini yaxşılaşdırmaq mümkündür.