08/05/2026
Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda 10 May – Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, professor Adil Allahverdiyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin inkişaf strategiyasının müəyyənləşdirilməsi və milli həmrəyliyin təmin olunmasında Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib. O, Ulu Öndərin səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və qayğının ölkədə tibbi xidmətlərin və tibb elminin inkişafında mühüm rol oynadığını vurğulayıb.
İnstitutun elmi işlər üzrə direktor müavini, professor Akif Qurbanov çıxışında Heydər Əliyevin elmə və səhiyyəyə verdiyi önəmdən danışıb, Azərbaycanda elmi-tədqiqat müəssisələrinin inkişafı istiqamətində həyata keçirilən siyasətin əhəmiyyətini qeyd edib.
İnstitutun inzibati məsələlər üzrə direktor müavini Nərmin Fətullayeva çıxışında Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında daim yaşayacağını vurğulayaraq, ölkənin tərəqqisi naminə həyata keçirilən siyasətin uğurla davam etdirildiyini qeyd edib.
İnstitutun elmi katibi, professor Ağasəmid İsayev çıxışında Ulu Öndərin zəngin siyasi irsinin Azərbaycanın inkişafında mühüm rol oynadığını bildirib, onun dövlətçilik ideyalarının gələcək nəsillər üçün örnək olduğunu diqqətə çatdırıb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub.