08/05/2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş fotosərgi və tədbir təşkil edilib. Sərgidə ulu öndər Heydər Əliyevin səhiyyə və tibb müəssisələrinə ziyarətlərini, səhiyyə işçiləri ilə görüşlərini əks etdirən 50-yə yaxın foto nümayiş olunub.
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və səhiyyə” adlı sərginin açılışında Ulu Öndərin portreti önünə gül dəstələri qoyulub, müxtəlif dövrlərdəki fəaliyyətini canlandıran fotomateriallar maraqla izlənilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü ilə suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İSİM-in direktoru Səbinə Babazadə açılış nitqi ilə çıxış edərək bildirib ki, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü islahatlar aparılıb, xəstəliklərin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlanıb. O, Heydər Əliyevin rəhbərliyi dövründə səhiyyənin müasir tələblər səviyyəsində yenilənməsinə və əhalinin sağlamlığının qorunmasına xidmət edən 15-dən çox qanun qəbul olunduğunu və bu qanunların hər birinin ölkəmizdə səhiyyə sisteminin inkişafında müstəsna rol oynadığını vurğulayıb.
Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin təşəkkülü, xilası və inkişafı prosesindəki əvəzsiz xidmətlərindən söz açıb. Natiq vurğulayıb ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmiz parçalanmaq təhlükəsindən xilas edilərək dinamik yüksəliş yoluna qədəm qoyub. O, Heydər Əliyevin siyasi irsinin əsl dövlət idarəçiliyi məktəbinə çevrildiyini və bu irsin gələcək nəsillər üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Əməkdar incəsənət xadimi, “Şərəf” və “Şöhrət” ordenli, “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təltifçisi, şair Baba Vəziroğlu Ulu Öndərin zəngin irsinin xalqımızın tarixində dərin izlər buraxdığını bildirib. O, dahi rəhbərin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı əvəzsiz rolundan söz açaraq, sənət adamlarına göstərdiyi xüsusi qayğını vurğulayıb. Baba Vəziroğlunun Ulu Öndərlə birlikdə Şuşada Vaqif türbəsinin açılışında iştirakı ilə bağlı xatirələri maraqla qarşılanıb, “Sən elə bir zirvəsən!..” nəğməsinin yaranma tarixçəsi və səsləndirdiyi “Cənab Ali Baş Komandan” şeiri iştirakçıları duyğulandırıb.
Əməkdar jurnalist, “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs çıxış edərək, Ulu Öndərin gənc nəslin yaradıcılığına hər zaman böyük həssaslıqla yanaşdığını vurğulayıb. Natiq xüsusi olaraq qeyd edib ki, müstəqilliyimizin ağır sınaqlardan keçdiyi illərdə Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanlarının nəşrinin dayandırılmaması, onların birbaşa dövlət himayəsinə götürülməsi məhz Heydər Əliyevin ədəbiyyata verdiyi qiymətin və qətiyyətli iradəsinin nəticəsi idi. O, Ulu Öndərin Səməd Vurğunun “Azərbaycan” şeirini çox sevdiyini xatırladaraq bildirib ki, bu şeir onun dilində sadəcə bədii mətn deyil, bir vətən andı idi və bu mənada, Heydər Əliyevin adı tariximizin yaddaşına həm dahi siyasətçi, həm də milli-mənəvi dəyərləri uca tutan bir dövlət xadimi kimi həkk olunub.
Tədbirin rəsmi hissəsində Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olan İSİM əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib və yeni üzv olan Şəhla Kazımovanın ürək sözləri dinlənilib.
İştirakçılar Ulu Öndərin şərəfli ömür yolunu əks etdirən videomaterialı izləyib, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.