19/08/2025
25 iyul tarixində 102 yaşlı pasiyent, şəhid atası Hüsü Şəkəralıyev yaşayış yerində yıxılma nəticəsində aldığı travmalar səbəbilə təcili olaraq Universal Hospitala gətirilmişdir. Pasiyentə dərhal fiziki baxış və instrumental-rentgenoloji müayinələr aparılmış, nəticədə sağ bud sümüyü başının yerdəyişmiş sınığı diaqnozu qoyulmuşdur.
Pasiyentin yaxınlarına vəziyyətin ciddiliyi, təcili cərrahi əməliyyatın zəruriliyi izah edilmiş və eyni zamanda yaşın çoxluğu və mövcud yanaşı somatik xəstəliklər fonunda əməliyyatın riskləri barədə ətraflı məlumat verilmişdir. Ailənin razılığı ilə əməliyyat qərarı qəbul olunmuşdur.
Daha az risk daşıyan spinal anesteziya altında sağ bud-çanaq oynağının endoprotezləşdirilməsi (bipolyar endoprotez implantasiyası) əməliyyatı həyata keçirilmişdir. Təxminən 1 saat davam edən əməliyyat və anesteziya texniki cəhətdən uğurla yerinə yetirilmiş və pasiyent stasionar şöbəyə yerləşdirilmişdir.
Əməliyyatdan 1 gün sonra pasiyent ayağa qaldırılmış, erkən reabilitasiya məqsədilə fizioterapiya təyin edilmişdir. Hal-hazırda pasiyentin ümumi vəziyyəti əməliyyatın ağırlığına uyğundur, pasiyent sərbəst şəkildə yeriyir və stasionar müalicəsi uğurla davam etdirilir.
102 yaşlı ağsaqqalımızın sağlamlığına qovuşması üçün Universal Hospitalın Ortopediya, Anesteziya və Reanimasiya şöbələrinin peşəkar kollektivi səfərbər olmuş, çətin görünən bu tibbi vəziyyətə uğurla müdaxilə edilmişdir.
Universal Hospital olaraq biz hər bir pasiyentə fərdi yanaşma göstərir, yaşından və xəstəliyin mürəkkəbliyindən asılı olmayaraq mümkün olan ən təhlükəsiz və effektiv müalicəni həyata keçirməyə çalışırıq. Məqsədimiz, hər bir pasiyentin sağlamlıq yolunda ona etibarlı dəstək olmaq və ən qısa zamanda gündəlik həyatına qayıtmasına şərait yaratmaqdır.