
04/12/2024
Həzz dopaminlə əlaqəlidir. Dopamin beyində ifraz olunan neyrotransmitterdir. Qısamüddətli, dərin duyğular yaradır və asılılıq riskini artırır. Yəni insan həzz aldığı şeyi daha çox istəyir. Qəribəsi odur ki, istədikcə də həzz azalır. Həzz aldığı yeməyi gün ərzində bir neçə dəfə yeyəndə eyni dadı almadığı kimi. Çünki dopamin arzulananı əldə edənə qədər dayanmadan ifraz olunur, əldə edəndən sonra dayanır. Daha çox əldə etməyə çalışmaqla isə həzz artmır.
Xoşbəxtlik isə serotoninlə əlaqəlidir. Serotonin həm neyrotransmitter, həm də hormon funksiyasını yerinə yetirir. Beyin və bağırsaqlarda ifraz olunur. Uzunmüddətlidir və asılılıq yaratmır. Daxili razılıq və rahatlıqla əlaqəlidir.
Dr. Robert Lustig isə həzz və xoşbəxtliyi belə fərqləndirir:
“Həzzin ömrü az, xoşbəxtliyin isə daha çoxdur.
Həzz daha çox fizioloji, xoşbəxtlik isə mənəvidir.
Həzzi maddi yollarla əldə etmək mümkündür, xoşbəxtliyi isə yox.
Həzz dopamindir, xoşbəxtlik isə serotonin.
Serotonini azaldan bircə şey var ki, bu da dopamindir.
Çox həzz axtarmaq, xoşbəxtlikdən məhrum olmaqdır.”
Müasir dövrdə dopamin yönümlü həzz daha çox təbliğ olunur.
İşlənmiş (emal olunmuş) qidalar, şəkər, sosial media da həzzə meyilliliyi artırır.
Dopamin yönümlü həzləri, serotonin yönümlü həzlərlə əvəzləmək daha məqsədə uyğundur. Sağlam qidalanma, idman, düzgün yuxu rejimi, sağlam sosial münasibətlər qurmaq serotonin ifrazını artırır.
Məqsədi həzz olan insanı nə xoşbəxt edə bilər?
Psixoloq .akqubayev