21/05/2025
Azərbaycanın memarlıq məktəblərinin həcm-fəza həlli, eyni zamanda həndəsi elementlər, bədii-estetik həll xüsusiyyətləri, qədim bir tarix kimi tanınmış olan Naxçıvan memarlıq məktəbinin də özünəməxsus olan xüsusiyyətləri mövcuddur. Naxçıvan memarlıq məktəbinə mənsub olmuş sənətkarların adını yaşadan kitabələrin bu günümüzə, dövrümüzə qədər gəlib çatması, məktəbin bədii-üslub təsirinin geniş yayılması və Əcəmi Naxçıvani kimi bir sənətkar yetişdirməsi bu xüsusiyyətlərdəndi.
Tarixi mənbələrə nəzər yetirsək, Səlcuqlar dövründə şəhərlərin və şəhər mədəniyyətinin çiçəklənməsi nəticəsində incəsənətin bütün sahələrində canlanma yaranmışdır. Memarlıqda köçəri çöllərindən və kəndlərindən başlayan müxtəlif formaların, elementlərin axını yerli naxış motivləri ilə birləşərək abidələrin bəzənməsində yeni bədii ifadə tapan memarlıq naxışları ən ucqar vilayətlərə, dağ kəndlərinə, malikanələrə yayılmaqla sənətkarlığın inkişafına səbəb olmuşdur. Beləliklə, belə şəraitdə bir-birindən zəngin və müxtəlif naxış çeşniləri ilə bəzədilmiş binalar inşa olunmuş, onların zəngin və yüksək zövqü özündə əks etdirən naxışlarla bəzədilməsi tələbatından naxış ustaları-nəqqaşlar meydana çıxmışdır. Nəqqaşlıq sənətinin ustaları o dövrün ən möhtəbər sənətkarları ilə bir səviyyəyə qalxmışdır. Maraqlıdır ki, bu ustaların çoxu ilahiyyatın sirlərini bilən, mənəvi dünyanın varlığını qəbul edən insanlar idi .
Bu bir faktdır ki, ilk öncə Ərəb xilafətinin hökmranlıq və yüksəliş etdiyi dövrün müxtəlif zamanlarında Azərbaycanda memarlığın inkişaf etdiyi əsas yaşayış mərkəzi Bərdə şəhəri olub. Bir çox mənbələrdə "bu yerlərin Bağdadı" sayılan Bərdə şəhərində geniş formada tikintilər aparıldığı, çox sayda məscid, fərqli dini tikililər, karvansara, bazar, hamam inşa edildiyi qeyd olunur. Lakin IX-X yüzillərdə xilafətin zəifləməsi nəticəsində kiçik feodal dövlətlərin yaranmasıyla X-XII əsrlərdə dörd- Aran, Təbriz, Naxçıvan, Şirvan-Abşeron memarlıq məktəbləri yarandı