20/09/2024
Göbələk xəstəliyi keçici xəstəliklərdəndir və mikoz adlandırılır. Adətən yoluxmuş insanlardan digərlərinə, həmçinin xəstə heyvanlardan da insana göbələk xəstəliyi keçməsi müşahidə edilir.
Respublika Dəri Zöhrəvi Mərkəzinin həkim-dermatoveneroloqu Elana Rəsulovanın sözlərinə görə, göbələk xəstəliklərinin bir neçə növü var.
“Hamar dərinin mikozunda kəskin sərhədli zədələnmə ocaqları müşahidə edilir. Bunlar müxtəlif formalarda ola bilir. Zədələnən ocaqlar hiperemik olur və bu zaman özünü suluqlarla büruzə verir. Başın tüklü nahiyəsindəki göbələk xəstəliyi zamanı zədələnmə ocağında saç tökülməsi, qabıqlanma, xəstəliyin bəzi formalarında isə irinli, suluqlu səpkilər müşahidə olunur”.
1 nömrəli Dəri-Zöhrəvi Dispanserin həkim-dermatoloqu Nuridə Musayeva qeyd edir ki, dəri səthinin müxtəlif nahiyələrində - saç, dırnaq, gövdə, qasıq nahiyəsi, kişilərdə saqqal nahiyəsində göbələk xəstəliklərinə rast gəlinir:
“Endokrinoloji problemlər (şəkərli diabet və s.), yay aylarında hovuza, dənizə girmək, gigiyenik qaydalara düzgün əməl edilməməsi, ortaq gigiyenik məhsulların istifadəsi, uzun müddət dar ayaqqabıda qalmaq göbələk xəstəliyini yaradan əsas risk faktorlardan hesab edilir.
Mikoz özünü ilkin olaraq qaşıntı ilə büruzə verir. Dəri səthində qaşınma, iç-içə keçmiş halqalar şəklində qızartı (əsasən, qasıq hissədə), kəpəklənmə kimi əlamətlərlə müşahidə edilir. Xəstəlik saçda olarsa, qaşıntı, qızartı, kəpəklənmə, bəzən saç tökülməsi, hətta keçəllik də yarada bilər. Gövdə nahiyəsində olan mikozlar isə yayılmağa meylli olur və qızartı, qaşıntı, halqa şəkilli eritemli elementlərlə müşahidə olunur. Xüsusilə kişilərdə saqqal və qasıq nahiyəsində də mikoza tez-tez rast gəlinir və eyni klinik əlamətlərlə təzahür edir”.
Respublika Dəri Zöhrəvi Mərkəzinin həkim-dermatoveneroloqu Elana Rəsulova əlavə edir ki, dırnaqda yaranan göbələk xəstəlikləri unikomikoz adlanır və dırnağın strukturunda, rəngində dəyişiklik, dırnağın qalınlaşması ilə müşahidə edilir:
“Müayinəsi ilk növbədə həkimin baxışı ilə aparılmalıdır. Ardınca laborator diaqnostika ilə müəyyənləşdirilir. Bu zaman göbələyin növü təyin edilir. Müalicə isə fərdi qaydada və göbələyin növünə uyğun olaraq aparılmalıdır. Müalicəsində, əsasən, göbələk əleyhinə müxtəlif preparatlardan, spreylərdən, oral yolla qəbul edilən dərman preparatlarından istifadə edilir”.
1 nömrəli Dəri-Zöhrəvi Dispanserin həkim-dermatoloqu Nuridə Musayeva vurğulayır ki, əl və ayaqlarda yaranan göbələk xəstəlikləri zamanı dırnaqlarda qırılma, ağ-sarımtıl rəng dəyişmələri, dırnaq uzanmasının ləngiməsi müşahidə edilir:
“Xəstəlikdən qorunmaq üçün duş aldıqdan sonra bütün bədən səthi tam qurudulmalı, nəm qalmamalıdır. Çünki mikozun inkişafı üçün başlıca faktor dəri səthinin nəm olmasıdır. Bu da dəridə dermatofitoyaya səbəb olur. Həmçinin dar və hava keçməyən paltarlar geyinmək, karbohidratların həddən artıq qəbulu, ayaqların uzun müddət dar və hava keçirməyən ayaqqabılarda qalması göbələk xəstəliklərinin yayılmasında mühüm rol oynayır”.
Həkim-mütəxəssislər qeyd edirlər ki, göbələk xəstəliklərindən qorunmaq və xəstəliyin yayılmasının qarşısını almaq üçün ilk növbədə çirkli ərazilərdən uzaq durmaq, şəxsi gigiyena və sanitariya qaydalarına riayət etmək, dərisində səpki müşahidə olunan şəxslərdən uzaq durmaq, immun sistemini gücləndirmək, bədənin tam quru qalmasına nail olmaq lazımdır. Eyni zamanda küçə heyvanları ilə təmasda olmaqdan çəkinmək, xəstəlik müşahidə edilən heyvanlardan uzaq durmaq lazımdır. Qeyd edilən simptomlar müşahidə edildiyi zaman mütləq şəkildə həkim-mütəxəssislərə müraciət etmək lazımdır.