28/02/2026
Yuxu rejimi və stres insanın görmə qabiliyyətinə, xüsusilə də gözün akkomodasiya qabiliyyətinə birbaşa və əhəmiyyətli dərəcədə təsir göstərir.
İnsanların əksəriyyətində kiçik dərəcəli (0,25-0,50) refraktiv qüsurlar olur, lakin sağlam orqanizm akkomodasiya əzələləri vasitəsilə bunu kompensasiya edir və biz zəifliyi hiss etmirik. Yuxu pozğunluğu bədənin bu kompensator gücünü azaldan ən birinci amildir.
Yuxusuzluq nəticəsində orqanizm taqətdən düşdüyü üçün ən xırda nasazlıqları belə patologiya kimi qəbul edir və görmə kəskinliyi 60-70%-ə qədər düşə bilir.
Cəmiyyətdə "göz spazmı" kimi tanınan, elmi adı akkomodasiya spazmı olan vəziyyətin əsas səbəblərindən biri məhz stresdir.
Artan psixoloji gərginlik istər-istəməz gözdə spazmın ortaya çıxmasına səbəb olur. Bu zaman xəstədə ciddi bir göz qüsuru olmasa da, görmə dumanlılaşır və zəifləyir.
Görmə qabiliyyətini qorumaq üçün axşam saat 10-da yatmaq tövsiyə olunur. Yuxusuzluq, stres və yorğunluq birləşdikdə, pasiyentlərdə dumanlı görmə, zəif görmə və xüsusilə axşamlar görmədə çətinliklər yaranır. Belə hallarda dərhal eynək taxmaqdansa, ilk növbədə yuxu rejimini sahmana salmaq və stresi azaltmaq lazımdır, çünki bu amillər düzəldikdə xəstələrin 99%-ində görmə şikayətləri aradan qalxır.
Əgər yuxu və istirahət rejimi ilə problem düzəlmirsə, stres və psixoloji gərginliyi aradan qaldırmaq üçün psixoloq konsultasiyası tövsiyə edilir.