01/02/2021
Həkimlər – sağlam gələcəyimizə ümiddir, insanların səhhətində nasazlıq olanda ağlına gələ biləcək və yanında olacaq peşə sahibləridirlər. Amma bəzən məhz həkimlər ağlasığmaz hərəkətlər edirlər. Səbəbini Tək ALLAH bilir, amma bu cür ağlasığmaz hərəkətlər nəticəsində körpələr normal bəslənmə və qulluq haqqından, eyni zamanda sağlamlığından məhrum olurlar.
Bu cür hallardan biri haqqında danışmaq istəyirəm bu gün. Və Sizlərlə, dəyərli oxucularım, öz gözlərimlə şahid olduğum halları paylaşacam.
Bir həkim kimi mənə və özüm kimi pediatr (və hətta infeksionist – yoluxucu xəstəliklər üzrə mütəxəssis) olan həyat yoldaşım Dr. Həmid Hacıağayevə tez-tez edilən müraciətlərdən biri – körpənin nəcisinin əkilməsi nəticəsində aşkar olunan Staphylococcus Aureus (qızılı stafilokokk) ilə bağlı olur. Bu barədə bu günə kimi heç birimiz yazmamışdıq, amma bu mövzu artıq diqqətsiz qalmamalıdır. Çünki əhəmiyyətli olmayan bir bakteriyanın bu dərəcədə şişirdilməsi və körpənin həzmində nasazlıqlara səbəb imiş kimi göstərilməsi – son dərəcə yanlışdır.
Yadımdadır, biz tələbə ikən (bunu oxuyan qrup yoldaşlarım təsdiqləyə bilər) Tibb Universitetinin kliniki bazalarından birində uşaq şöbəsində dərs keçirdik. Sonra yay ərzində həmin bazaya təcrübə üçün yönləndirilmişdik. O bazada bir həkim var idi, hətta, səhv etmirəmsə, artıq tibb elmləri üzrə doktor adını almış bir professor idi, həmin şöbənin müdiri idi. Və o professorun müalicə etdiyi bütün pasiyentlərinin xəstəlik tarixçəsində diaqnoz olaraq bakteriya mənşəli həzm xəstəliyi var idi və etioloji faktor kimi (yəni xəstəliyə səbəb olan mikrob olaraq) qızılı stafilokokk göstərilirdi. Harda tapılırdı? Nəcisdə. Nəcis niyə əkilirdi? Çünki körpənin narahatlığı var idi. O uşaqlara hansı dərman təyin olunurdu? Təbii ki, hansısa firmanın antibiotiki yaxud bakteriofaq preparatı və eyni zamanda “immuniteti gücləndirən” anaferon tipli dərmanlar.
Bəli, qızılı stafilokokk həmin körpələrin nəcisində əkilmə zamanı aşkar oluna bilərdi, bunu danmaq olmaz, amma xəstəliyə səbəb olurdumu? Bu gün bunu araşdıracağıq.
Anaların çoxunun həkimə müraciəti məhz ondan ibarətdir ki, körpə narahatdır, sancıdan qıvrılır və süd əmdiyi zaman, yaxud bəslənmə bitdikdən sonra, həmçinin yuxuda ikən sancılanmağa başlayır və ağlayır. Bununla yanaşı körpədə süd qaytarma halları da müşahidə oluna bilər.Üstəlik körpənin nəcisi də yaşıl rəngdədirsə - təbrik edirəm, “diaqnoz” hazırdır!
Bu məqamda valideynlər təlaş içində həkimə (əksər hallarda sahə həkiminə) müraciət edərək körpənin sancıları, yuxu problemləri və südü yaxud süni qidanı qaytardığını bildirirlər. Həkim isə körpənin nəcisinin əkilməli olduğunu deyir və valideynləri nəcis təhlilinə yollayır. Nəcisin bakterioloji müayinəsi və əkilməsi nəticəsində qızılı stafilokokk aşkar olunur. Nəticədə körpəyə uzun-uzadı reseptlər yazılır, antibiotik yaxud bakteriofaq təyin olunur və s. Məsələ ondadır ki, bu cür “müalicənin” effekti olmur yaxud cüzi olur. Niyə? Çünki körpənin narahatlığının səbəbi o bakteriya deyil, köp sancısıdır. Köpün (yəni koliklərin) isə səbəbi – körpənin bağırsaqlarında mikrob tərkibinin (mikrobiomun, köhnə terminlə - mikrofloranın) yetişməmiş olduğudur. Deyəcəksiniz ki: “Axı nəcisdə tapıldı?! Sancıların səbəbi qızılı stafilokokk deyilsə, o zaman niyə nəcisdə mövcuddur?”Köp sancıları haqqında mütləq ayrıca yazacam, səbrli olun.
Bu gün isə hər bir anaya Staphylococcus Aureus haqqında bilməli olduğu vacib məlumatları çatdırmaq istəyirəm.
1️⃣ Staphylococcus Aureus – insanın dərisinin, burun və boğazın, eyni zamanda həzm sisteminin və cinsi yollarının NORMAL bakterial tərkibinin bir hissəsidir. Dünyada ən azı 30% sağlam insanlarda bu bakteriya mövcuddur və heç bir problem törətmir.
2️⃣ Əgər insanın (təbii ki, uşaqların da) dərisi və selikli qişalarında zədələnmə yoxdursa, qızılı stafilokokk heç bir problem törədə bilməz, axı bizim orqanizmimiz zədə və xəstəlik olmadığı halda özünü qoruya bilməyəcək qədər aciz deyil.
3️⃣ Körpənin yanaşı qızdırması yoxdursa, nəcisdə qan izi yoxdursa, böyük bayıra gün ərzində 12-15 dəfə getmirsə, deməli, körpənizin qızılı stafilokokka bağlı olan heç bir həzm problemi yoxdur. Köp sancıları və nəcisin rəngi isə xəstəlik əlaməti deyillər.
4️⃣ Körpələrdə qarın mikrobiomu (mikroflorası) doğulduğu anda tam steril olur və 6 ayadək müddətdə formalaşma mərhələsində olur. Bu arada, körpənin təbii yolla doğulması zamanı, ananın doğum yollarından keçərkən, onun bağırsaqlarının xeyirli bakteriyalarla dolmasına və mikrobiomun qısa müddətdə formalaşmasına səbəb olur. Üstəlik körpə tək ana südü ilə bəslənirsə, onun bağırsaqlarına hər gün milyonlarla laktobakteriyalar daxil olur. Süni doğuşla dünyaya gələn və üstəlik süni qida ilə bəslənən körpələrin isə həzm problemləri daha çox olur.
5️⃣ Körpənin inkişafı, çəki və boy artımı normaldırsa, deməli, heç bir xəstəlikdən söz gedə bilməz. Nəcisi yaşıl və duru olsa belə, inkişafı normal olduqda bunun heç bir önəmi yoxdur. Çünki istənilən xəstəlik mütləq körpənin inkişafına təsir edir.
6️⃣ Dünyanın heç bir tibbi inkişaf etmiş ölkəsində ciddi əlamətlər olmadan, təkcəköp sancısı, nəcisin rəngi və qatılığına görə 6 ayı tamamlanmamış körpələrin nəcisi təhlil edilmir, yəni bakteroloji analizi və əlikməsi aparılmır. Çünki, dediyim kimi, 6 ayadək körpənin bağırsaqlarının mikrobioloji tərkibi inkişaf mərhələsində olur və əkilmə heç bir obyektiv nəticə vermir.
7️⃣ Körpələrin çoxunda məhz bağırsaqların yetişməməsi səbəbindən ilk aylarda köp sancısı mütləq olur. Bəzi körpələrdə köp doğulan kimi başlayır və 3 ayına kimi artıq bitmiş; daha sonra köp olsa belə, sancı vermir. Digər körpələrdə isə köp sancıları gec başlayır (3-4 həftəsindən) və 4-5 ayadək davam edir. Hər şey individualdır və koliklər hər körpədə fərqli olur: birində şiddətli və sancılı, digərində ağrısız, yəni körpənin köpü olsa belə, sadəcə gücənir, sancıdan ağlamır. Bunun da səbəbi qızılı stafilokokk deyil.
Təbii ki, körpəniz narahat olduqda, səbəbini araşdırmaq üçün həkimə müraciət etmək lazımdır. Lakin körpənizə ən böyük yaxşılıq – övladınızı sevmək, onun heç də asan olmayan adaptasiya mərhələsində daima yanında olmaq, düzgün qulluq etmək və aybaay inkişafına nəzarət edəcək yaxşı həkim tapmaqdır.
Körpənizi lazımsız dərmanlardan və o sağlam ikən uzun resept yazan həkimlərdən qoruyun.
Hörmətlə, uşaq həkimi və ana südü məsləhətçisi, Dr. Aysel Hacıağayeva.
P.S. Vaxt ayırıb oxuduğunuz, paylaşımları ❤️ bəyəndiyiniz və digər analarla paylaşdığınız üçün təşəkkür edirəm. Sizin verdiyiniz dəyər - mənim ilham mənbəyimdir.