17/05/2025
Böyrək ləyəni sidik axarı birləşməsinin (UPJ) darlığına görə edilən piyeloplastika əməliyyatı sonrası böyrəkdə genişlənmə (hidronefroz) hələ də qalacaqmı?
Bu sual valideynlərdən tez-tez eşidilir. Elmi tədqiqatlara əsaslanan cavab isə bir qədər daha mürəkkəbdir: hidronefrozun tam yox olması hər zaman gözlənilmir, amma
stabilləşməsi və ya azalması uğurlu əməliyyatın göstəricisidir.
2022-ci ildə nəşr olunmuş geniş bir araşdırmada 143 uşağın piyeloplastika əməliyyatı sonrası vəziyyəti təhlil olunmuşdur. Nəticələrə əsasən:
Pasiyentlərin 89%də əməliyyatdan sonra 1 dərəcə və ya daha çox yaxşılaşma müşahidə olunub.
Hidronefrozun stabilləşməsi orta hesabla 14.5 ay sonra baş verib.
Əksər hallarda hidronefrozun tədricən azaldığı və stabilləşdiyi müşahidə olunub — bu da artıq sidik axınının düzəldiyini göstərir.
Bu tədqiqat göstərir ki:
Ultrasəs müayinəsində dəyişiklik olmasa belə, hidronefrozun stabilləşməsi müsbət nəticədir.
Tam yox olması üçün illərlə vaxt lazım ola bilər, bəzən isə heç tam itmir.
Əgər sidik axını düzəlibsə və simptomlar yoxdursa, hidronefroz qalığı təhlükə yaratmır
Bizim təcrübəmizdə əməliyyat etidiyimiz və təqibini edə bildiyimiz 200-dən çox xəstədən əldə etdiyimiz nəticələr beynəlxalq tədqiqatlarla uyğunluq təşkil etməklə yanaşı, bir sıra əlavə müşahidələr ortaya qoyur.
Əməliyyatı 2 yaşdan əvvəl keçirilmiş və yanaşı anomaliyası olmayan (məsələn, vezikoureteral reflüks, əks tərəfdə hidronefroz, sidik yolları infeksiyası, daş və s.) uşaqlarda əksər halda hidronefrozun daha erkən – artıq əməliyyatdan sonra 6-cı ayda – geriləməsi müşahidə olunur.
2 yaşdan sonra müraciət edən, əməliyyatı gecikmiş uşaqlarda və eyni zamanda yanaşı urogenital anomaliyalar olan hallarda hidronefrozun azalması daha gec dövrlərdə qeydə alınır.
Bu səbəbdən mütəmadi təqib və ultrasəs nəzarəti böyük əhəmiyyət daşıyır. Əməliyyatdan sonra hər bir uşaq fərdi şəkildə izlənməlidir.
Daimi izləmə vacibdir — xüsusilə ilk 1-1.5 ildə.
Uşaqda əlamətlər (ağrı, infeksiya, sidikdə dəyişiklik) varsa, həkimə müraciət olunmalıdır.
Qeyd etmək lazımdır ki, çox nadir hallarda əlavə müdaxiləyə ehtiyac yaranır – lakin bu hallar əsasən təqib zamanı erkən aşkar oluna bilər.