04/11/2025
Gəncə Beynəlxalq Xəstəxanasının təşkilatı dəstəyi ilə “Ürək çatışmazlığı da yeni dövr” adlı elmi-praktiki konfrans keçirilmişdir. Tədbirdə Gəncə, Göygöl, Goranboy, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olmaqla, 200-dən çox həkim və tibb mütəxəssisləri iştirak etmişdir.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin müstəqilliyi uğrunda Şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Açılış nitqi ilə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama Departamentinin rəhbəri hörmətli Hikmət İbrahimli tədbirin regional səviyyədə bilik və təcrübə mübadiləsinə verdiyi töhfəni vurğulamışdır.
Elmi proqram çərçivəsində Gəncə Beynəlxalq Xəstəxanasının Aritmologiya şöbəsinin həkimi kardioloq, aritmoloq Dr. Günay Rəhimovanın, həmçinin Türkiyə Respublikasından dəvət olunmuş Prof. Dr. Mesut Demir, Prof. Dr. Nihan Turhan Çağlar və Doç. Dr. Özge Çetinarslanın məruzələri dinlənilmiş, ürək çatışmazlığı sahəsində ən son elmi yeniliklər təqdim edilmişdir.
Konfrans çərçivəsində canlı xəstələr üzərində Exokardioqrafiya üzrə praktiki trening də təşkil olunmuş, iştirakçılar üçün real klinik nümunələrlə müasir yanaşmalar nümayiş etdirilmişdir.
Tədbirin sonunda bölgədən qatılan mütəxəssislər tərəfindən aktiv müzakirələr aparılmış, məruzəçilərə ünvanlanan suallar elmi fikir mübadiləsinin daha da zənginləşməsinə şərait yaratmışdır.