19/06/2025
Həmkarım Ülvi müəllimlə insanlar arasındakı münasibətləri müzakirə edərkən qısa və konkret i şəkildə söylədiyi bir fikir bunları yazmağa məni vadar etdi. O təxminən:"Hər kəs özündən bir pillə yuxarı vəzifədə olan şəxslərdən özünün layiq olduğu münasibəti görmək istəyir"-deyirdi. Ya da-"Hər kəs özünün səviyyəsinə uyğun onunla davranılmasına və ya rəftar edilməsinə layiqdir "- deyirdi. Təqribən belə.
Ziqmund Freydin də belə bir aforizmi mövcuddur: "Cəmiyyətin savadsız və öz ləyaqətinə qiymət verməyən hissəsində tiranlara qarşı pərəstiş və məhəbbət yaranır".
Belə qənaətə gəlmişəm ki, bu hal ən çox insanın özünə güvənsizliyi olanda baş verir. Bu ən çox vəzifəyə və həm də geyimə aiddir. İnsan özünü olduğu kimi yox, başqa cür göstərməyə çalışanda müxtəlif hərəkətlərə qaçır. Xaricini zənginləşdirir, daxili aləmi isə kasıblayır. Buna BREND-ə qaçmaq, BREND-lə tanınmaq istəyini də misal göstərmək olar. Bu gün Sizi BRENDlərlə insan kimi sayacaq mühittən uzaqlaşın. Bunlar sizin kim olduğunuzu dəyişdirməz. Gerçək zənginlik öyünməli şeylərdən istifadə etməklə bağlı yox, dəyərinizi bilməklə və dünyanın sizi geyiminizlə, maşınınızla və ya digər görüntü yaradan əşyalarla tanınmasına əsla icazə verməməyinizlə bağlıdır. İnsanların haqqınızda nə düşünəcəyindən çox da narahat olmayın.
Bu haqda bir dəfə də yazmışdım
Dünənə kimi bayaģı və bəzi hallarda vulqar geyindiklərini, yediklərini, içdiklərini sosial şəbəkələrdə paylaşmaqla başqaları üzərində üstünlüklərini göstərməyə meyilli adamlar ( Mətin Əmənullahi demişkən,-"BEYİNSİZLƏR"), bu gün belə bir çətin və təhlükəli dönəmdə də icazə.e-gov.az-dan sui-istifadə edərək aldıqları icazələrini (ölkə daxili icazəsi olanları heç tutmaq olmur) onun bunun gözünə soxmaqla yenə də üstün olmalarını sərgiləməklə məşğuldurlar. Ortaya qoymağa heç nələri olmayan, eyni geyimi başqa həmkarında görəndə yuxusu ərşə çəkilən, özlərində narazı olduqları, qüsurlu tərəflərini bahalı geyimlər seçməklə örtməyə çalışan, maniakal yazıqlar yaşadıqları çevrələrində bu cür fərqlənməkdən başqa əllərindən bir şey gəlmir.