22/11/2022
Qaraciyər biopsiyası nədir?
İlk dəfə qaraciyər biopsiyası 1883-cü ildə Paul Erlich tərəfindın həyata keçirmişdir. Ultrasəs texnikası ilə biopsiya isə 1972-ci ildə aparılmışdır. Qaraciyər biopsiyası adətən, qaraciyərdə aşkar edilən kütlənin növünü ultrasəs, tomoqrafiya və ya MRT kimi görüntüləmə üsulları ilə müəyyən etmək üçün edilir. Daha nadir hallarda, bütün qaraciyəri əhatə edən hepatit və sirroz kimi xəstəliklərin mövcudluğunu və dərəcəsini aşkar etmək üçün tətbiq olunur. Qaraciyər biopsiyası üsulları iki fərqli şəkildə həyata keçirilir. Bunlardan biri iynə aspirasiya biopsiyası, digəri isə tru-cut (toxuma) biopsiyasıdır. Kəsici iynə biopsiyası digər orqanlarda olduğu kimi qaraciyərdə də təhlükəsiz və yüksək dəqiqlikli biopsiya üsuludur. Qaraciyər kəsici iynə biopsiyası üçün qaraciyərdəki kütləyə iynə ilə lokal anesteziya və sedasyon altında, ultrasəs müayinəsi altında çatılır və bu kütlədən bir neçə nazik toxuma zolaqları götürülür. Alınan toxuma parçaları formaldehid məhluluna yerləşdirilir və patoloji müayinəyə göndərilir. Qaraciyər biopsiyası zamanı müdaxilə tələb edən qanaxma 1% ehtimalla görünə bilər. Biopsiya aparılmazdan əvvəl xəstə təxminən 12 saat ac olmalıdır. Qaraciyər biopsiyası aparıldıqdan sonra xəstə 24 saat müşahidə altında saxlanılmalıdır. Görüntü ilə həyata keçirilən bütün iynə biopsiyası prosedurları son dərəcə təhlükəsizdir.