13/04/2026
Şamaxıda minimal invaziv cərrahiyyəyə həsr olunan XII regional konfrans keçirilib
Şamaxı rayonunda TƏBİB-in dəstəyi, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə minimal invaziv cərrahiyyəyə həsr olunan XII regional konfrans keçirilib.
Konfransda Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Mehriban Eyubova, TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti, professor Qurbanxan Müslümov, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev, Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova, eləcə də müxtəlif regionlardan olan həkim-mütəxəssislər iştirak ediblər.
Tədbir çərçivəsində minimal invaziv cərrahiyyənin müasir yanaşmaları, tətbiq imkanları və bu sahədə əldə olunan yeniliklər müzakirə olunub, həkimlər arasında geniş təcrübə mübadiləsi aparılıb.
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova çıxışı zamanı regionlararası əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb. O qeyd edib ki, regionlarda keyfiyyətli tibbi xidmətin əlçatanlığının təmin olunması məqsədilə səhiyyə xidmətlərinin çeşidinin artırılması və kadr potensialının gücləndirilməsi olduqca vacibdir. Onun sözlərinə görə, belə elmi-praktik konfranslar bu istiqamətdə mühüm rol oynayır və region xəstəxanaları üçün böyük əhəmiyyət kəsb edir. Bu kimi tədbirlər həkimlərin peşəkar bilik və bacarıqlarının inkişafına şərait yaradır, müasir tibbi yanaşmaların tətbiqini sürətləndirir və nəticə etibarilə regionlardan şəhər mərkəzlərinə xəstə axınının qarşısının alınmasına töhfə verir.