15/04/2026
Quba Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim heyəti tərəfindən Şabran Rayon Mərkəzi Xəstəxanasında səyyar Həkim Məsləhət Komissiyasının (HMK) iclası təşkil olunub. Səyyar iclasın keçirilməsində əsas məqsəd Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların əlilliklə bağlı müraciətlərinə yerində baxılması, tibbi sənədlərin düzgünlüyünün yoxlanılması və prosesin daha operativ şəkildə həyata keçirilməsidir.
HMK-nın fəaliyyəti çərçivəsində müraciət etmiş şəxslərin tibbi sənədləri ətraflı şəkildə təhlil olunub, qoyulmuş diaqnozların düzgünlüyü qiymətləndirilib və onların əlilliyin müəyyən olunması meyarlarına uyğunluğu yoxlanılıb. Komissiya üzvləri tərəfindən vətəndaşlar əyani müayinədən keçirilib və hər bir hal üzrə müvafiq rəy formalaşdırılıb. Bu proses əlilliyin obyektiv və şəffaf qiymətləndirilməsinə xidmət edir.
Eyni zamanda səfər çərçivəsində Şabran MRX-nin həkimləri üçün “Əlillik meyarlarının qiymətləndirilməsi” mövzusunda təlim təşkil olunub. Təlim zamanı iştirakçılara əlilliyin müəyyən olunması qaydaları, orqanizmin funksional pozğunluqlarının faizlə ifadə olunması, müasir normativ-hüquqi sənədlər və tibbi-sosial ekspertizaya göndəriş prosedurları barədə geniş məlumat verilib. Bildirilib ki, hazırda əlillik orqanizmin funksiyalarının 31-100 faiz aralığında pozulması əsasında müəyyən edilir və bu meyarlar Nazirlər Kabinetinin müvafiq qərarına əsaslanır .
Təlim çərçivəsində həmçinin HMK-nın iş prinsipləri, tibbi sənədləşmənin düzgün aparılması, xəstələrin düzgün istiqamətləndirilməsi və tibbi-sosial ekspertiza prosesində həkimlərin rolu ətraflı izah olunub. İştirakçıların sualları cavablandırılıb, praktiki nümunələr üzərində müzakirələr aparılıb.
Qeyd edək ki, bu cür səyyar iclas və təlimlərin keçirilməsi regionlarda tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə, eləcə də vətəndaş məmnunluğunun yüksəldilməsinə mühüm töhfə verir. HMK fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində bu kimi tədbirlərin digər tibb müəssisələrində də davam etdirilməsi nəzərdə tutulur